CHAPTER 2: Ca’ Foscari Universitetində ilk həftəm

CHAPTER 2: Ca’ Foscari Universitetində ilk həftəm

Welcome day

Böyük universitetlərdə, xüsusən də, xarici universitetlərdə hər akademik ilin başlanmasından əvvəl “Orientation Day” tədbirinin təşkil olunma ənənəsi vardır. Ca’ Foscari Universiteti də istisna deyil. Tələbəliyim birinci ilində bu tədbir “Welcome Day” adlanırdı. Mən və başqa xarici tələbələr Santa Margherita Auditoriyasına yıxışıb, universitet haqqında təqdimatın başlanmasını gözləyirdik. Sözün açığı, təqdimat zamanı Ca’ Foscarinin tək zəngin tairixi, fəxri professorlar və tədris prosesindən məlumat almağı gözləyirdim. Həqiqətdə isə, mən o iki saat ərzində, dəmək olar ki, o vaxta qədər yaranan bütün suallarıma cavab tapdım. Təqdimatın ən faydalı hissəsi Welcome Unit tərəfindən hazırlanmışdı. Xüsusən xarici tələbələrə yardım göstərmək üçün yaradılan departament İtaliyada yaşamaq üçün tələb olunan sənəd və onların əldə etmək qaydasını aydın şəkildə bizə başa saldı. Bundan əlavə, gülərüz departament işçiləri bizi arxayınlaşdırdılar ki, onlar bizə hər zaman və hər məsələdə kömək etməyə hazırdılar. Sonradan gördüyüm kimi, onların bu sözləri doğru idi.

Proqramla, təqdimatdan iki saat sonra universitet kampuslarının turu planlaşdırılmışdı. Bu vaxt ərzində mən gələcək qrup yoldaşlarımı tapmaq istədim. Universitetin həyətində bir qrup azərbaycan tələbələri ilə rastlaşdım. Təəssüf ki, onlar kirayə evlər axtardıqları üçün tura qoşula bilmədilər. Həyətdə tanış dil eşidib Türkiyyədən gələn tələbələr ilə tanış oldum. O gün dostlaşdığım adamların bir hissəsi ilə biz iki il sonra da əlaqə saxlayıb, lazım olanda bir birimizə kömək göstəririk. Nəhayət, tur başladı. Turu aparan yuxarı kurs tələbələri məni və yeni dostlarımı San Giobbe Kampusuna (İqtisadiyyat və Menecment fakultələrin kampusuna) tərəf apardılar. Onlara baxıb heyrənlənirdim ki, necə asanlıqla bu qarışıq küçə və körpülərdə düzgün yolu tapırlar. Həmin səhər Santa Margherita Auditoriyasını tapmaq üçün gözümü telefon ekranından bir saniyə belə çəkməmişdim! O vaxt heç təsəvvür edə bilməzdim ki, bir gün mən də onlar kimi əminliklə Venesiyanın küçələrində - calli adı ilə tanınır - gəzə biləcəyəm.

Tur zamanı biz keçdiyimiz maraqlı və tarixi nöqtələrdən yeni məlumatlar öyrəndik, kampusa çatmaq üçün bir neçə yolu gördük və ətrafda tələbəyə üçün lazım olan kitabxana və yeməkxana kimi yerlərə baş çəkdik. Sözün açığı, bir gün ərzində informasiya limitini hələ təqdimat zamanı keçdiyim üçün, turdan çoxlu detal yaddaşımda qalmadı. Buna baxmayaraq, ən azı yeni tanışlıqlar etmək və Venesiyanın yeni tərəflərini görmək üçün hər kəsə bu turlara qatılmağı tövsiyyə edirəm.

  

Turdan sonra bütün tələbələr əsas binada “Happy Hour” üçün yığışdılar. Welcome Day- in bu hissənin məqsədi yeni tələbələrin daha sərbəst mühitdə bir biri ilə tanış olması, həmçinin də universitetdəki tələbə təşkilatlardan xəbər alması idi. Əminliklə söyləyə bilərəm ki, təşkilatçılar bu məqsədlərə uğurla çatdılar. Happy Hour-da hamı bir əldə prosecco o biri əldə mini-pizza ilə  bir biri ilə danışıb gülürdü. O gün hər tələbə başa düşdü ki, Ca’ Foscari Universitetini seçməklə düzgün seçim etdi!

İlk dərslər və təəsüratlar

Ca’ Foscari universitetində ilk dərs günüm sentyabrın ayının 18-i 2017-ci ildə idi. Welcome Day-da tanış olduğum tələbələrdən biri universitetin saytında dərs cədvəlini göstərdi. Beləliklə, ilk günümdə ancaq iki dərs olmalı idi: riyaziyyat və mühasibat uçotu. Amma bu mühazirələrə qulaq asmaq üçün hələ universitetin özünü tapmaq lazım idi. Əlbəttə ki, tur zamanı göstərilən yollardan heç biri yadımda qalmamışdı və mən yenə də navigatora güvəndim. Balaca əqrəbi diqqətlə izləyərkən yolumun yarısında qabağımı su kəsdi. Yaxınlıqda heç bir körpü yox idi, GPS əminliklə irəlini göstərirdi. 1 dəqiqəlik həyacandan sonra, sakitləşib xəritə ilə düzgün yolu özüm tapmağa çalışdım. Bu yol 10 dəqiqə daha çox çəksə də birinci günlər məni xilas edirdi. Həftənin axırında qrup yoldaşım mənə ən asan və tez küçəni göstərdi.

Axır ki kampusa çatanda, onun fərqliliyinə yenidən təəccübləndim. San Giobbe kampusu Ca’ Foscarini yeni tikilmiş kampuslarından biridir. Burada tarixi görünüş müasir avadanlıqla birləşir. Hər böyük auditoriya ayrı-ayrı kiçik binalarda yerləşir, amma əks tərəfdən onlar hamısı uzun dəhlizlə birləşirlər. Kampusun təsviri sizə qəliz gəlsə də, qorxmayın. Çox saylı işarələrin köməyi ilə heç kampus işçilərdən məlumat almaq lazım olmayacaq!

                  

İlk dərsimiz riyaziyyat fənnində mühazirə idi. Bu günə qədər yadımdadı ki, həmin o ilk dərsdən nə dərəcədə qorxmuşdun. Elə birici dərsdən professorumuz keçdiyimiz materialı başa düşmək üçün tələb olunan böyük bir siyahını söylədi. İngiliscə mövzuların adını tanımadığım üçün əmin idim ki, bu fənnən kəsiləcəyəm. Ətrafdaki uşaqların sakit üzləri məni daha çox qorxutdu. Yadımdadı ki, geridə qalmamaq üçün birinci gecədən oxumağa başlamışdım. Yalnız sonra başa düşdüm ki, başqa tələbələr də mənim ki ürəklərində narahat idilər və professor o sözləri bizdə fənn haqqında ciddilik yaratmaq üçün söyləmişdi. İkinci dərs mühasibatçılıq idi. O mühazirəçi daha gülərüz və mehriban idi. Dərsin çoxunu o, kurrikulumu başa salırdı. Birinci dərsin həyacanından sonra hamı bir az rahatlaşdı. Bir onu dəqiq bilirdik ki, imtahanlardan uğurla keçmək istəyiriksə çoxlu oxumalıyıq. Həftə keçdikcə nə başqa fənnimiz, nə də cədvəl dəyişmədi. Buna görə də özüm üçün tez bir zamanda və asanlıqla rejim yarada bilmişdim və bu rejim ilk imtahan sessiyasına qədər davam etdi.

Birinci həftələr təəssürat və macəralarla dolu idi. Tez bir zamanda problemləri dərhal həll etməli olduğumu öyrəndim. Amma öyrəndiklərimdən ən vacibi kömək istəməkdən çəkinməmək oldu. İlk dəfə Venesiyada tək qalanda başa düşdüm ki, əgər soruşsan, sənə yardım etməyə hazır olan insan hər yerdə tapılar.